JEL Classification Codes: Z30, Z31, Z32
Xülasə
Bugün artıq elə bir dövrdür ki, bütün dünyada XXI əsrin fenomeni sayılan turizm insanların əsas tələbatlarından birinə çevrilmişdir. İnsanlar dəyişən, yenilənən həyata uyğunlaşmaq üçün mütəmadi olaraq mövcud öyrəşdikləri yerlərdən uzaqlaşmağa ehtiyac duyurlar. Bu bütün dünyada insanların müxtəlif məqsədlərlə bir yerdən başqa yerə getməsinə şərait yaradır. Belə olan halda həmin insanları – yəni real turistləri qarşılamaq, yerləşdirmək, asudə vaxtlarını səmərəli keçirmək üçün destinasiyalarda müəyyən xidmətlər hazırlanması zərurəti ortaya çıxır. Turistlərin tələbatının ödənilməsinə istiqamətlənən bu xidmətlərin mənbəyi müxtəlif ola bilir – iri, orta, kiçik sahibkarlar, yerli əhali, yerli idarəetmə orqanları və s. Qeyd olunan tərəflərin hər biri turizmin inkişafında maraqlı tərəflərdir. Məqalədə həmin maraqlı tərəflərdən yerli əhali – yəni icmaların turizmə necə yanaşmalarından və turizmdə rollarının necə olmasından ibarət tədqiqat işi aparılmışdır. Tədqiqat işi Şəki və Zaqatala rayonlarında yaşayan və turistlərə müxtəlif xidmətləri göstərən 21 yerli icma nümayəndəsi ilə sorğu metodu ilə aparılmışdır. Nəticələr təhlil edilmiş, hər iki rayonda yerli əhalinin turizmə yanaşması və turizmdən gözləntiləri qiymətləndirilmiş, icmanın turizmin inkişafında rolu və gələcək perspektivləri müəyyənləşdirilmişdir.
Açar sözlər: Turizm, icma əsaslı turizm, Azərbaycanda turizm, icmanın uğuru, turizmin inkişafı
Abstract
Today tourism is considered a phenomenon of the 21st century all over the world, has become one of the main needs of people. This enables people all over the world to travel from one place to another for different purposes. In case, there is a need to prepare certain services in the destinations in order to welcome, accommodate and spend their leisure time effectively with those people – i.e. real tourists. The source of these services aimed at meeting the needs of tourists can be different – large, medium, small entrepreneurs, local population, local government bodies, etc. Each of the mentioned parties are stakeholders in the development of tourism. In the article, a research study was carried out, consisting of how the local population, communities – approach tourism and what their roles are in tourism. The research was conducted with 21 local community representatives who live in Sheki and Zagatala regions and provide various services to tourists. The results were analyzed, the approach of the local population to tourism and expectations from tourism in both regions were evaluated, the role of the community in the development of tourism and its future prospects were determined.
Key words: tourism, community based tourism, tourism in Azerbaijan, community success, development of tourism
Tədqiqat və metodologiya
Şəki və Zaqatala rayonlarında turizmin inkişafında icmanın rolunu araşdırmaq üçün 21 nəfər icma nümayəndəsi 20 sual üzrə anket-sorğu doldurmuşdur. Sorğuda iştirak edənlərin 57.14 %-i Şəkidən, 42.86 %-i yəni 9 nəfəri Zaqatala rayonundandır. İştirakçıların 61.9%-i ali, 23.8%-i orta ixtisas təhsilli, 9.54 %-i orta təhsilli (peşə təhsili), 4.76%-i isə ibtidai təhsillidir. Sorğuda iştirak edən icma üzvlərinin 57.14%-i kişi, 42.9%-i qadın olmaqla, turizm sahəsində təhsili olanlar 71.4%, təhsili olmadan xidmət göstərənlər isə 28.6% təşkil edir. Bu sualın soruşulmasında məqsəd turizmdə iştirakın kortəbii olması və ya təhsil almaqla karyera nərdivanının bir hissəsi olmasını aydınlaşdırmaqdır.
Zaqatala rayonundan sorğuya qatılanların yalnız iki nəfərinin turizmlə bağlı təhsili yoxdur və onların göstərdikləri xidmətlər gecələmə xidmətləridir. Şəki rayonundan qatılanlar arasında isə 3 nəfərin turizm təhsili yoxdur. Onlar gecələmə, əl sənətkarlığı və yerli bələdçilik xidməti göstərirlər.
Sorğuda iştirak edən iştirakçılardan 52.38%-i, yəni 11 nəfəri gecələmə, qidalanma və s. xidmətləri, 38.09%-i, yəni 8 nəfəri bələdçilik, 9.53%-i, yəni 2 nəfəri əl işlərinin hazırlanıb turistlərə satışı xidmətlərini həyata keçirirlər. 6 respondent yalnız yaz-yay aylarında, yəni mövsümi olaraq turistlərə xidmət göstərir, 15 respondentin isə ilboyu xidmət göstərmək üçün imkanı var.
“Turistlər sizin haqqınızda məlumatı haradan əldə edir?” sualına ən çox verilən cavab sosial şəbəkələrdən (61.9%) və dostların məsləhətindən (38.1%) olmuşdur.
“İcma üzvləri ərazidə turizmin inkişafı ilə bağlı planlaşdırma və qərarların qəbulu proseslərində fəal dərəcədə iştirak edirlər.” mülahizəsinə verilən cavabların 38%-i fikirlə razı olduqlarını, 42.9%-i qismən razı olduqlarını, 19%-i isə mülahizə ilə razı olmadıqlarını bildirmişlər.
“İcma üzvlərinin hal-hazırda turizmin inkişafında əsas rolları nədir?” sualı açıq şəkildə verilmiş və cavablar arasında aşağıda qeyd olunan əhəmiyyətli təkliflər qeyd olundu:
- Mənəvi dəyərlərin, mədəniyyətlərin, adət ənənələrin turistlərə ötürülməsi, şəhərdən kənar yerlərdə gündəlik yaşam tərzinin kəşf olunması, turizmin ekoloji dayanıqlılığı və təbii resursların lazımi şəkildə dəyərləndirilməsidir;
- Keyfiyyətli xidmət təqdim etmək, gülərüz olmaq;
- Gecələmənin təşkili, müxtəlif əyləncə və gəzintilərin təşkili, master-klasslarin təşkili və s.;
- Əraziyə səfər edən turistlərə şəhərin müasirliyi ilə yanaşı qədimiliyini turistlərə təqdim etmək;
- Turistlərə dolğun və düzgün informasiya vermək.
“İcma üzvlərinin turizmin inkişafında daha fəal iştirakına maneə olan hər-hansı problemlər varmı?” sualına verilən cavablarda 71.4%-i problemlərin olduğunu, 28.6%-i isə heç bir problem olmadığını qeyd etmişdir.
“İcma üzvləri turizmi və turizmin icmanın həyatlarına, mədəniyyətlərinə və ətraf mühitə təsirini necə qəbul edirlər?” sualına verilən cavabların hamısı müsbət istiqamətdədir. İştirakçılar düşünürlər ki, turizmin ərazidə inkişafının mədəniyyətə, icmanın həyat tərzinə və ətraf mühitə təsiri yalnızca müsbət istiqamətdədir. Sualın davamı olaraq “Turizmin regionda inkişafının hansı üstünlükləri var?” sualına verilən cavabda isə maddi rifahın yaxşılaşması, məşğulluq imkanlarının artması, yeni insanlarla tanış olmaqla yeni mədəniyyətlərin öyrənilməsi cavabları seçilmişdir. Bundan başqa iştirakçılar qeyd edirlər ki, icma öz qayda-qanunlarını turistlərdən tələb edərsə bu zaman icmada hər-hansı arzuolunmaz dəyişikliklər müşahidə oluna bilməz. İcma qaydalarına əsasən turistlər davranış qaydaları, geyim qaydaları haqqında əvvəlcədən təlimatlansalar və ona uyğun hərəkət etsələr tərəflərin hər biri bu prosesdən məmnun olarlar.
“İcma üzvlərinin həyata keçirilməsini istədikləri turizmlə bağlı layihələr varmı?” sualına 57.1% iştirakçı “var”, 42.9% iştirakçı isə “yoxdur” cavabını seçmişdir. Lakin layihə və təklifi olan icma üzvlərinin 26.3%-i bu layihələrin müxtəlif obyektiv və subyektiv səbəblərdən həyata keçirilməsinin mümkün olmadığını qeyd etmişlər.
“İcma üzvləri bir-birilə klaster şəklində (birgə əməkdaşlıq edərək) fəaliyyət göstərirlər?” sualına 61.9% iştirakçı fəaliyyət göstərmir kimi qeyd etmiş, 38.1% iştirakçı isə birgə fəaliyyətin mövcudluğunu seçmişdir. Birgə fəaliyyətin mövcudluğunu seçən iştirakçıların hamısı Şəki rayonundan qatılan respondentlərdir. Zaqataladan olan respondentlər isə icma üzvlərinin daha çox rəqabət şəraitində fəaliyyət göstərdiyini qeyd etmişdir.
“İcma üzvləri iri sahibkarlardan hər-hansı bir dəstək alırmı” sualına verilən cavabda 85.74%-i dəstək almadıqlarını bildirmişlər.
“Dövlət icma üzvlərini turistlərə xidmət göstərilməsi ilə bağlı maarifləndirir.” mülahizəsi ilə 57.1% respondent razı olmadıqlarını, 42.9%-i isə razı olduqlarını bildirdilər.
İcma üzvləri düşünürlər ki, onların müxtəlif mövzularda dəstəyə ehtiyacları var:
- Maliyyə dəstəyi
- Təlim-maarifləndirmə
- Fərqli turpaketlərin hazırlanması qaydaları
- Məhsullara qiymət qoyulması üsulları
- Xarici dil biliklərini artırmaq üçün dəstək
- Əməyin mühafizəsi
- İlkin tibbi xidmətlər
Yuxarıda qeyd olunan dəstək mexanizmlərini QHT-lərdən əldə etməyi gözləyən icma üzvləri ÜHT-lərin turizmin inkişafında rolunun olmadığını və ya az olduğunu, icma üzvləri ilə mütəmadi fikir mübadilələrinin olmadıqlarını vurğuladılar.
Şəki və Zaqatala rayonlarının turizm potensialı
2023-cü ilin statistik məlumatlarına əsasən turizm ölkənin ÜDM-da cəmi 2.2% paya malikdir (Azərbaycan Dövlət Statistika Komitəsi, 2023). Ölkə üçün kiçik olan bu rəqəm onu göstərir ki, Azərbaycan turizmi hal-hazırda özünün inkişaf mərhələsindədir. 2015-ci ildən bəri getdikcə artan turist sayı, 2020-ci ildə Covid-19 pandemiyasının yaratdığı qapanmalar və izolyasiyalar nəticəsində kəskin şəkildə azaldı və hal-hazırda ölkədə hərəkət edən əsas qüvvənin yerli turistlər olduğunu deyə bilərik.
Azərbaycanın zəngin turizm potensialına malik olan və ölkənin şimal-qərb bölgəsində yerləşən Şəki və Zaqatala rayonları il ərzində həm yerli, həm xarici turistləri qəbul etmək potensialına malikdir. Zəngin mədəni-tarixi irsi və rəngarəng təbiəti, bolsulu çayları, müxtəlif azsaylı xalqların mədəniyyətləri və mətbəxi, sənətkarlıq nümunələri ilə gələn turistləri ecazkar görünüşünə heyran qoyan bir destinasiyadır. Bu destinasiya mövcud potensialına görə ilboyu turistləri qəbul etmək qabiliyyətindədir. Lakin müxtəlif səbəblərdən turist qəbul etmək potensialı yüksək olan bu ərazi qadir olduğundan daha az turist qəbul edir. Qeyd etmək lazımdır ki, bu məqamda icmanın rolu danılmazdır.
Hazırda Zaqatala rayonunda 22, Şəki rayonunda bir kükürdlü, maqneziumlu, karbonatlı, natriumlu, kalsiumlu, hidrokarbonatlı, sulfatlı və xloridli kimyəvi elementlərlə zəngin olan, debitləri isə sutkada 144-161 min m 3 arasında dəyişən mineral və termal bulaqlar qeydə alınmışdır.Termal bulaqlarda suyun temperaturu +300C ilə +500C arasında dəyişir ki, bu da onlardan həm termal enerji mənbəyi kimi, həm də müalicə-kurort tipli müəssisələrin yaradılması məqsədləri ilə istifadə olunmalarına imkan verir (Ü.T.İsmayılova, 2020) .
Mineral və termal su ehtiyatları ilə yanaşı iqtisadi rayon ərazisində 400-dən çox tarixi-etnoqrafik abidələrə də rast gəlinir. Şəki şəhərində XVIII əsrə aid Şəki xanlarının evi, Qala divarları, Gileyli məscidinin minarəsi, XVIII-XIX əsrlərə aid Aşağı Karvansaray, Yuxarı Karvansaray, XIX əsrdən qalan Ağvanlar hamamı vardır. Rayonda VI əsrə aid “Gavur” qalası, orta əsrlərə aid Qudula qala yeri, Aydınbulaqda Ağcaqala qülləsi, Kiş kəndi yaxınlığında orta əsrlərə aid Kiş məbədi, XV əsrdən qalan “Gələrsən görərsən”, təkcə Zaqatala rayonunun ərazisində isə 108-ə yaxın abidə qeydə alınmışdır. Bunlardan ən qədimi Pəriqala, Armatay qalası, Cingözqala, Şeytan qalası, Zaqatala qalası və başqalarıdır. Rayonun kənd yerlərində VI- VIII əsrlərdən qalmış 10-dan çox Alban abidələri mövcuddur. Rayonun Mamrux (Mamrux kilsəsi), Mazıx, Muxax, Qəbizdərə, Yuxarı Tala, Yuxarı Çardaxlar kəndlərində VI-VIII əsrlərdən qalmış çoxlu Alban abidələri, Gözbaraq və Qalal kəndlərində XVIII əsrə aid məscidlər, Kebeloba kəndində XV əsrə aid iki qüllə, Mazıx kəndində XII əsrə aid qüllə, Yuxarı Çardaxlar kəndində V əsrə aid Pəriqala, Car kəndində XIV əsrə aid Cingözqala, Paşan kəndində Alban qülləsi (XIII əsr) və Axaxdərə kəndindəki Alban qülləsi(XII əsr), Əliabad və Mosul kəndlərində XIX əsrdə tikilmiş məscidlər hazırkı vaxta qədər qorunub mühafizə olunmuşdur (Ü.T.İsmayılova, 2020).
Rayon ərazisində, ekoturizmin inkişafı üçün əvəzsiz, 1839-cu ildə təşkil olunmuş (ərazisi 23800 ha.) Zaqatala Dövlət Qoruğu, İlisu Dövlət Qoruğu, Zaqatala şəlaləsi, Xalaxi gölü, Malarasa aşırımı ən gözəl təbiət abidələrindən sayılır (Ü.T.İsmayılova, 2020).
Aparılmış təhlillər göstərir ki, iqtisadi inkişafda və rekreasiya-turizm potensialından istifadə olunması istiqamətində son illərdə bəzi müsbət istiqamətli artım dinamikasına nail olunsa da, hələ də iqtisadi rayonun təbii-iqtisadi resurs potensialı tam və səmərəli şəkildə dövriyyəyə cəlb olunmamışdır.Bu baxımdan rayonda müvafiq iqtisadi tədbirlərin davam etdirilməsi, xüsusən rekreasiya-turizm infrastrukturunun təkmilləşdirilməsi və inkişafı, emal müəssisələrinin sayının artırılması, rayonun coğrafi şəraiti və ehtiyatlarına uyğun yeni müalicə-sanatoriya tipli, həmçinin turizm müəssisələrinin yaradılması daha səmərəli məşqulluq göstəricilərinin əldə olunmasına imkan yaradardı.
Azərbaycan Turizm Bürosu ölkəyə gələn turistlərin üstünlük təşkil etdiyi ölkələrdə tədqiqat aparmış və həmin ölkələrin əhalisinin tusit davranışını ölçmüşdür. Tədqiqatın nəticələrində ölkəyə həmin ölkələrdən gələn turislərin seçdikləri ərazilər arasında Azərbaycanın şimal-qərb bölgəsi üstünlük təşkil edir. Səudiyyə Ərəbistanı, BƏƏ, Rusiya, Hindistan, Çin, Polşa və Almaniyanın potensial və real turistlərinin səyahət davranışlarında Şəki rayonu əsas səfər edilən rayonlardandır (www.tourismboard.az).
İcma əsaslı turizm
“İcma əsaslı turizm” (community based tourism) anlayışı iqtisadi ədəbiyyatlara son illərdə daxil edilən, turizmin inkişafında əsas və ən əhəmiyyətli tərəflərdən olan “yerli əhali” və onların turizmə göstərdikləri diqqəti ölçən bir anlayışdır.
Turizmin inkişafının əsas elementlərindən biri yerli icmaların iştirakını təşviq etməkdir, çünki bu, turizm sənayesinin davamlılığının mərkəzidir. İqtisadi ədəbiyyatlarda yerli icmaların turizmin inkişafında oynaya biləcəyi bir sıra rolları araşdırılsa da, yerli icmaların özlərinin bu barədə necə hiss etdiyinə indiyədək çox az diqqət yetirilmişdir. Nəticə etibarilə, icmaların turizmin inkişafındakı rol(lar)ı haqqında həqiqətən nə düşündükləri ilə bağlı çox az sübut var. Azərbaycanın şimal-qərb bölgəsində 2 rayonu əhatə edən məqalə yerli icmaların turizmin inkişafındakı rolu ilə bağlı fikirlərini araşdıraraq turizmin inkişafında icmanın iştirakını başa düşməyə kömək edir. Məqalədə yerli icmanın bəzi üzvləri ilə ev təsərrüfatları anket sorğusu və tədqiqatçının daha geniş ictimaiyyətlə təcrübəsi ilə birlikdə tədqiqat sahəsində müşahidələrinə əsaslanan perspektivləri bir araya gətirmək üçün keyfiyyət araşdırması edilib.
Hər-hansı bir ərazinin icma əsaslı destinasiya olması üçün bir sıra səciyyəvi xüsusiyyətlərin olması vacibdir:
- İcmanın xüsusiyyətləri, dəyərləri, həyat tərzi, adət-ənənələrinə yüksək maraq
- Turizm fəaliyyət planlarında könüllü icma iştirakçılığı və dəstəyinin olmasının təmin edilməsi (vətəndaşların rol almasının stimullaşdırılması)
- QHT–lərlə əməkdaşlıq
- Yerli qurumlarla əməkdaşlıq
- Dayanıqlı ictimai marağa xidmət edən layihələrin təklif edilməsi (B.Himmetoğlu, 2021)
Son üç onillikdə kənd yerlərinin turizminin inkişafında yerli icmaların rolu və əhəmiyyəti haqqında çoxlu araşdırmalar yazılmışdır. Əhalinin yerli icmanın turizmin inkişafından əldə edəcəyi faydalar haqqında maarifləndirilməsinin zəruriliyi ifadə edilmişdir (Lerner və digərləri, 2000, Breidenhann və digərləri, 2004, Lee və digərləri, 2008).
Yerli əhalinin icmalarda iştirakına görə müxtəlif yanaşmalardan istifadə olunur. Bunlar kortəbii, süni və məcburi olmaqla 3 qrupa bölünür.
Kortəbii yanaşmada sakinlər bütün proses boyu destinasiyanın layihələndirilməsində fəal və könüllü olaraq iştirak edirlər. Bu yanaşmaya görə müvəffəqiyyət qazanmaq üçün sakinlər iştirak etməkdə hazır (qadir) və həvəsli olmalıdırlar. Bəzən sakinlər prosesdə iştirakda maraqlı olmur və / və ya turizm haqqında məlumatsız olurlar. Bu halda, ilk növbədə, təlim proqramları vasitəsilə prosesdə iştirak etmək üçün onlar hazırlanmalıdırlar.
Süni yanaşmada destinasiyanın layihələndirilməsi cavabdeh qurumlar tərəfindən həyata keçirilir və nəticələr sakinlərə izah olunur. Sakinlər destinasiyanın təşkilində hər hansı sözə sahib olmurlar. Bəzən onlara seçim etmək üçün 2 variant təklif edilə bilər.
Məcburi yanaşma, sakinlərə destinasiyanı layihələndirmək prosesində hər hansı şərait yaratmır. Onlar müəyyən edilmiş çərçivəyə tabe olmaq məcburiyyətində qalırlar.
Kortəbii yanaşma dayanıqlı destinasiyanın inkişafında daha uyğundur. Destinasiyanın layihələndirilməsində icma üzvləri cəlb olunmazsa, o zaman onlar turizm proseslərinə mane olar, ziyarətçilərə xoş üz göstərməzlər (B.Himmetoğlu, 2021).
Turizmin inkişafında yerli icmanın rolunun tədqiqi kontekstində Hall (1996) İƏT (icma əsaslı turizm) terminini qeyd edir, bu termin yerli icmaların turizmin inkişafının planlaşdırılması və konservasiyasına cəlb edilməsinə diqqət yetirir ( Hall, 1996). Turizm bir sənaye kimi yerli əhalinin cəlb edilməsindən, onların işçi heyətinin, sahibkarların rolu və turistlərin qaldıqları müddətdə onların əhval-ruhiyyəsinə təsirindən asılıdır (Laws, 1995; Dann, 1996; Taylor və Davis, 1997; Cole, 1997).
İƏT ətraf mühitə zərər vermədən icmanın həyat şəraitini yaxşılaşdırmaqla davamlı inkişafa istiqamətlənir. İƏT-nin məqsədi multiplikativdir: təbii və mədəni ehtiyatların qorunması, sosial və iqtisadi inkişaf və ziyarətçilərin keyfiyyətli təcrübələrini özündə birləşdirir (Hiwasaki, 2006). Okazaki (2008) hesab edir ki, hər bir icmanın iştirakını, gücün yenidən bölüşdürülməsini, birləşməsini və sosial yaradıcılığını ayrıca təhlil etmək vacibdir. Turizmin yerli icma üçün faydaları mütləq iştirak strategiyası və sosial imkanlarla əlaqəli deyil (Simpson, 2008).
Hampton (2005), İndoneziyanın Yava adasındakı Borobodurun timsalında güc, nəzarətin milli və regional səviyyədən yerli səviyyəyə ötürülməsi, yerli əhalinin turizmdəki rolunu müzakirə etmişdi. O, yerli icmada qurulmuş münasibətləri, yerli monumental irsi və turizmdə idarəetmə strukturunu əsas götürür. Blackstock (2005) Avstraliyanın Şimali Kvinslend şəhərindəki Port Duqlas turizm məkanının timsalında icma əsaslı turizmə tənqidi rəy vermişdi. Bario nümunə araşdırması turizmin icma inkişafı ilə necə inteqrasiya olunduğunu göstərir və turizmin yerli icmanın inkişafına töhfə verməsini təmin edən bəzi şərtlər haqqında müəyyən informasiyalar verir.
Şimali Kanada (Churchill, Manitoba, Cambridge Bay, Pond Inlet), yerli əhalinin turizmin inkişafına münasibətinə əsaslanaraq, tədqiqat işinin əsas komponentinin yerli ictimaiyyət üçün turizmin əhəmiyyətini müəyyən etmək olduğunu qeyd etmişdi (Маrıja Belıj, Јоvana Veljkovıć,Sanja Pavlovıć, 2014).
İcma əsaslı turizmin inkişafı ilə əyalətlərdə ekologiyanın mühafizəsinə həm dövlət tərəfindən, həm də yerli icma tərəfindən qayğının artması ilə maliyyə ehtiyatı yaratmaq imkanı yaranır;
– Yerli adət-ənənələrin və sənətkarlığın mühafizəsi, bərpası və inkişafı baş verir;
– Yerli adət-ənənə, mədəniyyət və sənətkarlıq nümunələri ölkənin başqa regionlarına və xarici ölkələrə yayılır;
– İcma daxilində həmrəylik və məğrurluq artır;
– İcma əsaslı turizmin idarə edilməsində kənd əhalisinin cəlb edilməsi onların mənəvi inkişafına müsbət təsir göstərir;
– Regionun turizm sayəsində imicinin yaxşılaşması, yüksəlməsi gələcəkdə dövlət tərəfindən buraya böyük kapital qoyuluşu üçün şərait yaradır (Yusupov Q., 2017).
Regiona turistlərin axını xalq sənətkarlıq məhsullarının istehsalının artmasına, folklorun və adət-ənənələrin canlanmasina səbəb olur. Yerli suvenirlərə tələbatın artması kənd sakinlərinin gəlirinin artması ilə yanaşı regional turizm məhsulunun reklamına səbəb olur.
Nəticə
Aparılan anket-sorğuların nəticəsinə əsasən Şəki və Zaqatala ərazisində yaşayan yerli əhali turizmin inkişafında kifayət qədər maraqlıdırlar. Lakin müəyyən səbəblərdən – maliyyə çatışmazlığı, təlimlərin az olması, uyğun infrastruktura malik olmamaları, dil biliklərinin az olması səbəbindən turistlərə yüksək səviyyədə xidmət göstərə bilmirlər.
Tədqiqatlar göstərir ki, insanların reaksiyaları yaşdan (icmanın daha gənc üzvləri daha müsbət reaksiya göstərirlər) və cinsdən (qadınlar turizm proseslərinə və ziyarətçilərə münasibətdə daha müsbət reaksiya sərgiləyirlər) asılı olaraq dəyişə bilər. Kənd əhalisi turizm haqqında daha mühafizəkar fikirdə olurlar, icmanın təhsilli üzvləri isə daha açıq fikirli olmaqla turizm fəaliyyətlərini daha asanlıqla qavrayırlar. Sakinlərə destinasiyanın təşkili proseslərində iştirak imkanları verilərsə, onlar müsbət reaksiya sərgiləyərlər.
Bundan başqa tədqiqatın nəticəsi göstərdi ki, yerli icmalar regionda turizm haqqında qərarların verilməsində iştirak səviyyələri aşağıdır. Onların bu barədə fikirləri çox vaxt nəzərə alınmır. İcma üzvlərinin fikirlərinə əsasən onların turizmin inkişafında fəal iştirakına maneə olan problemlər var.
Araşdırma aparılan hər iki rayonda, xüsusilə Zaqatala rayonunun Car kəndində yerli əhalinin əsas məşğuliyyəti turizmdir. Onlar evlərini turistlərə kirayə verərək gəlir mənbəyi formalaşdırmış olurlar. Lakin bununla bərabər turistlərə xidmət göstərməyən və turistlərin olmasından məmnun olmayan yerli əhali kütləsi də mümkündür ki, bu da turizmin inkişafının yerli icmalar arasında münaqişələrə səbəb olması deməkdir. Çünki digər əhali kütləsi düşünür ki, turizm regionda inkişaf etdikcə milli mentalitetdə dəyişikliklər, mədəniyyətdə dəyişikliklər və yerli adət-ənənələrin, özünəməxsusluğun dəyişilməsi onları narahat edir.
Həmçinin özünəməxsus ideya və fikirlərə malik yerli əhali turizmin inkişafı üçün lazımi dəstəyi yalnız dövlətdən ala bilir, nə sahibkarlar, nə QHT-lər turizmin inkişafında yerli əhalinin söz sahibi olmasında və turistlərə keyfiyyətli xidmət göstərilməsində maraqlı deyillər.
Bundan başqa yerli icma üzvlərinin bir-birilə koalisiya şəklində fəaliyyət göstərməməsi də turizmə və onların göstərdikləri xidmətə təsir göstərir. Onlar bir-birilə yarışırmış kimi, rəqabət şəraitində fəaliyyət göstərirlər.
İcma üzvlərinin təklifinə əsasən hər bir rayonda icmanın turistlərdən tələb etdiyi davranış qaydaları olmalıdır. Bu qaydalar icma üzvlərinin hər birini dinləməklə yazılmalı və turistlərin əsas vəzifələrindən biri bu qaydalara əməl etmək olmalıdır.
Araşdırmanın nəticəsini ümumiləşdirsək aydın olar ki, ilboyu turizm xidmətləri göstərməyə potensial imkanları olan yerli əhali turizmin inkişafına maneə olan bir sıra məsələləri vurğuladılar. Müəyyən formada maliyyə və konsaltinq dəstəyi olduğu təqdirdə yerli əhali turizmə xidmət göstərməkdə və turizmi özlərinin gəlir mənbəyinə çevirməkdə maraqlıdırlar.
Nəticələr göstərdi ki, yerli icmalar, maraqlı tərəflərin ehtiyaclarına cavab verən və onların narahatlıqlarına cavab verən turizmin inkişafını təşviq edən planlar hazırlanarkən iştirak etmək istəyirlər. Onlar həmçinin qərarlar qəbul edilərkən icmanın maraqlarının nəzərə alınmasını gözləyirlər. Bundan əlavə, yerli icmalar inkişaf məsələlərində (mütləq turizmin inkişafı deyil) söz sahibi olmaq istəyirlər ki, onlar icma maraqlarını müdafiə etsinlər, şəffaflıq və hesabatlılığı artırsınlar. Əvvəlki araşdırmalara bənzər şəkildə, onlar “yerli əhali turizmin inkişafında heç bir vasitə ilə iştirak etməməlidir” ifadəsini rədd edirlər. Nəticələrdən aydın olur ki, insanlar öz ərazilərində turizmin inkişafı ilə bağlı qərar qəbul edərkən yuxarıdan aşağıya üstünlük təşkil edən yanaşmanın əleyhinədirlər. Tədqiqat yerli icmaların rolunun təhlili və qiymətləndirilməsində kiçik miqyaslı metodlardan istifadə etməklə, daha çox icmaların özlərinin iştiraka dair baxışları araşdırılır.
Ədəbiyyat
- Azərbaycan Dövlət Statistika Komitəsi, 2022, 2023
- Blackstock, K. (2005). A critical look at community based tourism. Community Development Journal, 40 (1), 39- 49
- Breidenhann, J. and Wickens, E. (2004). Tourism routes as a tool for the economic development of rural areas – vibrant hope or impossible dream? Tourism Management, 25(1), 71–79
- Dann, G. (1996). People of tourist brochures. U Selwyn T. (ur.), The Tourist Image: Myths and Myth Making in Tourism. New York: John Wiley and Sons
- Hall, C. M. (1996). Introduction to Tourism in Australia: Impacts, Planning and Development. Melbourne: Addison, Wesley and Logman.
- Hampton, M. (2005). Heritage, Local Communities and Economic Development. Annals of Tourism Research, 32 (3), 735-759.
- Hiwasaki, I. (2006). Community-based tourism: a pathway to sustainability for Japan’s protected areas. Society and Natural Resources, 19 (8), 675-692. Cole, S. (1997). Anthropologists, local communities and sustainable tourism development. U Stabler M.J. (ur.), Tourism and Sustainability: Principles to Practice, Wallingford: CAB International, 219-229.
- Ü.T.İsmayılova Şəki – Zaqatala iqtisadi rayonunda rekreasiya-turizm potensialından istifadənin əhali məşğulluğu problemlərinin həllinə təsiri istiqamətləri. International Scientific Journal “Internauka” https://www.inter-nauka.com/uploads/public/15093034432601.pdf
- Маrıja Belıj, Јоvana Veljkovıć,Sanja Pavlovıć, Role Of Local Communıty In Tourısm Development – Case Study Vıllage Zabrega, Гласник Српског Географсkог Друштва Bulletın Of The Serbıan Geographıcal Socıety Година 2014. Свеска Xcıv- Бр. 2, 2014, Doı: 10.2298/Gsgd1402001b
- Laws, E. (1995). Tourist Destination Management: Issues, Analysis and Policies. New York: Routledge Topics for Tourism
- Lee, C. C. and Chang, C. P. (2008). Tourism development and economic growth: a closer look at panels. Tourism Management, 29 (1), 180-192.
- Lerner, M. and Haber, S. (2001). Performance factors of small tourism ventures: the interface of tourism, entrepreneurship and the environment. Journal of Business Venturing, 16 (1), 77-100.
- Okazaki, E. (2008). A community-based tourism model: its conception and use. Journal of Sustainable Tourism, 16 (5), 511-529.
- İsmayılova, N.Musayeva, B.Himmetoğlu, Destinasiyaların yaranması və inkişafının nəzəri əsasları, “Turizmdə destinasiyaların idarəedilməsi”, Bakı, 2021
- Simpson, M. (2008). Community benefit tourism initiatives – a conceptual oxymoron? Tourism Management, 29 (1), 1-18.
- Yusupov Q.M. Cənub regionuna olan turist axınlarının yerli iqtisadiyyata təsiri, “Turizm və qonaqpərvərlik tədqiqatları” jurnalı, ATMU , Bakı, xüsusi buraxılış 2017 il, 212-221 s.
- Taylor, G. and Davis, D. (1997). The community show: a mythology of resident responsive tourism. U M.J. Stabler (ur.), Tourism and Sustainability: Principles to Practice. Wallingford: CAB International
- tourism.gov.az
- tourismboard.az